Qobustan rayon Mərkəzi kitabxanası

Qobustan rayon
Xəbərlər
5 Yanvar , 2017
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri sırasında 80-ci illərin məşhur imzalarından biri yazıçı, publisist Əlfi Qasımov da yer alır. Əlfi Səhlik oğlu Qasımov 5 yanvar 1927-ci ildə Ağdam rayonunun Poladlı kəndində anadan olmuşdur. Yeddiillik təhsilini kənddə alan, Ağdam pedaqoji texnikumunda təhsilini davam etdirən Əlfi Qasımov Ağcabədi rayonunun Xocavənd və Boyad kəndlərində müəllimlik etmişdir. 
Ə.Qasımov 1944-46-cı illərdə Ağdamdakı 2 illik müəllimlər institutunda, 1946-51-ci illərdə isə Azərbaycan Dövlət Universiteti filologiya fakültəsinin jurnalistika şöbəsində təhsilini davam etdirmişdir. 
Müxtəlif illərdə Əlfi Qasımov “Azərbaycan müəllimi” qəzetində şöbə müdiri və redaktor müavini, “Ədəbiyyat və incəsənət” qəzetində isə məsul katib vəzifələrində çalışmışdır.
1966-cı ildən isə Ə.Qasımov Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət mətbuat komitəsində nəşriyyat idarəsinin rəisi olmuşdur. 
Ədəbi yaradıcılığa ilk dəfə 1945-ci ildə Ağdamda müəllimlər institutunda oxuyarkən başlayan Əlfi Qasımovun roman və povestləri 60-80-ci illərin ən çox oxunan, müzakirə edilən və bəyənilən əsərlərindən olmuşdur. 
Onun “Xalq arzusu” adlı ilk şeiri Ağdamda çıxan “Lenin yolu” qəzetində çap olunmuş, universitetdə oxuduğu illərdə isə Ə.Qasımovun şeirləri respublikanın müxtəlif qəzet və curnallarında dərc edilmişdir. 
Ə.Qasımovun ilk kitabı 1954-cü ildə çıxmışdır. Bu “Ərimizin ətəklərində” adlı ilk oçerklər kitabıdır. Bundan sonra da yazıçının bir neçə oçerklər kitabı çap olunmuşdur. Ə.Qasımov eyni zamanda “Məni qınamadın” adlı povest və hekayələr kitabının, “Qızburunda tək məzar” adlı sənədli povestin də müəllifidir. 
Əlfi Qasımovun bir çox kitabları – “Könülsevər”, “Qağayı fəryadı”, “Insan qaranquş deyil”, “Toy gecəsi” və başqaları eyni zamanda rus, qırğız, tacik, türkmən dillərində işıq üzü görmüşdü. 
Rəhilə xanımın xatirələrindən…
Əlfi Qasımovun ömür-gün yoldaşı Rəhilə xanımın xatirələrindən: “Əlfi yaxşılıq etmək üçün dünyaya gəlmişdi. Dostunu, tanışını, qonşusunu canından artıq istəyərdi. Qələm məhsullarına laqeyd, biganə olmazdı. Yaratdığı obrazların ovqatı, amalları ilə yaşayardı. Onun ”Adilənin taleyi” povesti ötən əsrin 60-70-ci illərində populyarlıq qazanmışdı. Görkəmli yazıçı, unudulmaz pedaqoq Mir Cəlal Paşayev həmin əsəri dövrün “Leyli və Məcnun”u adlandırmışdı… Onunla ilk tanışlığım tələbəlik illərində oldu. O zaman mən də universitetdə – filologiya fakültəsində oxuyurdum. Taleyimiz bizi qovuşdurdu. Ondan eşitdiyim xoş, şirin, səmimi sözləri hələ də unutmamışam. Bəzən özüm-özümə düşünürəm: “Insan nə qədər xoş niyyətli, məramlı olar?” Sualıma cavabı Əlfidən qalan xatirələrdə tapıram…”.
Əlfi Qasımov müxtəlif mövzularda maraqlı hekayələr, “Məni qınamayın”, “Qızburunda tək məzar”, “Adilənin taleyi”, “Könül sevən”, “Toy gecəsi” kimi roman və povestlərini 40 yaşlarında nəşr etdirmişdir və həmin dövrün tanınmış yazıçılarından, jurnalistlərindən biri idi. 
60-70-ci illərdə Azərbaycan ədəbiyyatında sənədli bədii canrın da inkişafında Əlfi Qasımovun xüsusi xidmətləri vardır. Yazıçı təsvir etdiyi obrazları gündəlik həyatdan və onu əhatə edən insanların arasından seçir, öz isteadı ilə onu daha da zənginləşdirirdi.
Əlfi Qasımov eyni zamanda sənədli nəsrin uğurlu yaradıcılarından biri kimi də tanınırdı. Onun əsərlərində yazıçılıqla jurnalistlik bir arada öz təbii ifadəsinin tapırdı.
Görkəmli yazıçı Hüseyn Abbaszadə də Əlfi Qasımov yaradıcılığının bu istiqamətini təqdir edərək yazırdı ki, Əlfi sənədli nəsr sahəsində ədəbiyyatımızda dərin izlər qoyub getmişdir və “ondan sonra bizdə sənədli nəsr, demək olar ki, yox dərəcəsindədir”. 
Akademik Bəkir Nəbiyev yazırdı: “Belə bir fakta da diqqəti cəlb etməyi vacib sayıram ki, Əlfi Qasımovun 15 nəfər igid, qeyrətli Azərbaycan qızının Şimali Qafqazdan Berlinə qədər davam etmiş müzəffər döyüş yolunu əks etdirən ”Vətən çağıranda” kitabı bu qəhrəman qızların sayı qədər müstəqil miniatür sənədli hekayədən ibarətdir. Hesab edirəm ki, real qəhrəmanlar haqqında konkret tarixi, həyati faktlar əsasında, gələcəyə çağırış ruhunda yazılıb təcavüzkarlara nifrət və qəzəb püskürən bu kitab yaşadığımız günlərdə də öz aktuallığını qoruyub saxlayır. Onu tam halda, yaxud hər bir hekayəsini ayrıca nazik kitabça kimi nəşr edib əsgərlərimizə paylamaq Qarabağ uğrunda mübarizənin mücahidləri olan qızlarımıza da, elə oğlanlarımıza da çox fayda verə bilər”.