Qobustan rayon Mərkəzi kitabxanası

Qobustan rayon MKS
Xəbərlər
4 Yanvar , 2018

“2017-ci ili ölkəmizin mədəniyyət və turizm sahələri üçün yaddaqalan il hesab etmək olar. Azərbaycanın uğurla ev sahibliyi etdiyi beynəlxalq tədbirlər hər iki sahənin inkişafına öz töhfəsini verdi”.

 

Bu fikirlər mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə ölkəmizin mədəniyyət və turizm ictimaiyyətinə ünvanlanan təbrikində deyilir.

Bildirilir ki, paytaxtımız bu il də mədəni ünsiyyətin əsas məkanına çevrildi. Bakıda dördüncü dəfə reallaşan Dünya Mədəniyyətlərarası Dialoq Forumu bir sıra mühüm təşəbbüs və qlobal çağırışlarla yadda qaldı. Növbəti dəfə Bakının ev sahibliyi etdiyi Azərbaycan Beynəlxalq “Turizm və səyahətlər” sərgisi ölkəmizin turizm imkanlarının yüksək səviyyədə təqdimatına şərait yaratdı. IV İslam Həmrəylik Oyunları isə Azərbaycanın bir idman ölkəsi olmaqla yanaşı, İslam həmrəyliyinə yüksək dəyər verdiyini nümayiş etdirdi. Bakı V Beynəlxalq Kitab Sərgi-Yarmarkası, Azərbaycan xalçası üzrə V Beynəlxalq simpozium, eləcə də ənənəvi beynəlxalq musiqi festivalları yola saldığımız ilin zənginliyindən xəbər verir. Təbrikdə qeyd olunur ki, Azərbaycan turizmi bu il mühüm uğurlara imza atıb. Yaradılan müasir turizm infrastrukturu, beynəlxalq əhəmiyyətli forum, festival, simpozium və sərgilər, ən əsası isə viza sisteminin sadələşdirilməsi ölkəmizə gələn xarici turistlərin sayında ciddi artımla nəticələnib. Bu il həmçinin paytaxtımız dünyanın şopinq festivalı təşkil edilən şəhərlərinin siyahısına daxil olub. Yazda və payızda olmaqla iki dəfə keçirilən şopinq festivalları təkcə sərfəli ticarət deyil, eyni zamanda mədəni irsimizin əcnəbi turistlərə tanıtımı üçün də mühüm imkanlar yaratdı.

Nazirin təbrikində bu il Azərbaycan musiqisinin və mətbəx mədəniyyətinin dünya miqyasında təbliği ilə bağlı iki əlamətdar hadisə də vurğulanır. Qeyd edilir ki, mətbəximizin ləziz təamlarından dolmanın və musiqi irsimizin nümunəsi kamançanın UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına salınması çoxəsrlik mədəniyyətimizin daha bir təntənəsidir. Ölkəmizin əldə etdiyi bu nailiyyətlər məhz Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində gerçəkləşib.

Təbrik müraciətində o da vurğulanır ki, xalqımızın malik olduğu mədəni-mənəvi dəyərlərin qorunmasında, beynəlxalq aləmdə layiqincə təbliğ olunmasında mədəniyyət və turizm sahələrində çalışan minlərlə vətəndaşımızın əməyi vardır: “Məmnunluqla qeyd etmək istəyirəm ki, il ərzində həyata keçirilən tədbirlərin təşkilində Mədəniyyət və Turizm Nazirliyi də yaxından iştirak etmişdir. Qədəm qoyacağımız hər yeni il, sözsüz ki, yeni çağırışlar, müasir tələblər deməkdir. İndi biz yeni texnologiyaların imkanlarından maksimum yararlanaraq mədəniyyət və turizm sahələrində xidmətin səviyyəsini daha da yüksəltməliyik. Bundan əlavə, ölkəmizdə və xaricdə yaşayan hər bir azərbaycanlı imkanları çərçivəsində mədəni irsimizin və turizm imkanlarımızın təbliğinə öz töhfəsini verməlidir”.

Nazir sonda bir daha respublikamızın mədəniyyət və turizm sahələrində çalışan bütün insanları, xalqımızı Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edib, cansağlığı və yeni uğurlar arzulayıb.