Qobustan rayon Mərkəzi kitabxanası

Qobustan rayon MKS
Xəbərlər
12 Mart , 2018



Azərbaycan Dövlət Musiqili Teatrı 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə keçirdiyi "Açıq qapı” günündə  xanımlara hədiyyə olaraq görkəmli yazıçı-dramaturq Əli Səmədlinin "Toya bir gün qalmış” komediyasını təqdim edib.

Tamaşadakı  baş rolu ilə sevimli gülüş ustası, xalq artisti, "Şöhrət ordenli” Afaq Bəşirqızı onun görüşünə gələnlərə unudulmaz, xoş anlar bəxş edib.

Gözlənilməz və maraqlı situasiyalarla zəngin tamaşada cərəyan edən hadisələr oğlunun toyuna bir gün qalmış vəzifəli şəxsin dünyasını dəyişməsi ilə başlayır. Onun həyat yoldaşın isə bunu hamıdan gizlətməsi vəziyyəti daha da mürəkkəbləşdirir. Qadın düşünür ki, ərinin ölümünü gizlətməsə toy təxirə düşəcək və onların bir sıra maraqlarına zərbə dəyəcək. Beləliklə, ailə dəfn işləri ilə məşğul olmaqdansa, toy hazırlıqlarını davam etdirir. Elə bu ərəfədə "ölü” qəfildən ayılır... Əsl tragikomik vəziyyət də məhz bundan sonra başlayır...

Anşlaqla keçən bu səhnə əsəri alqışlarla izlənilib və sonda Afaq Bəşirqızına pərəstişkarları tərəfindən gül-çiçək dəstələri hədiyyə edilib. 

Quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, rəssamı Nabat Səmədova, musiqi rəhbəri Xalq artisti Ənvər Sadıqov, musiqi tərtibatçısı Emin Həsənov olan tamaşada əsas obrazları Xalq artisti Afaq Bəşirqızı, Əməkdar artist Ələkbər Əliyev, aktyorlar Əliməmməd Novruzov, Gülcahan Salamova, Möylə Mirzəliyev, Gültac və Hüseyn Əlililər, Gülnarə Əzizova, Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova, Ruslan Mürsəlov, Ağaxan Şərifov ifa ediblər. Tamaşanın baletmeysterləri Yelena və Zakir Ağayevlərdir.