Qobustan rayon Mərkəzi kitabxanası

Qobustan rayon MKS
Xəbərlər
15 Sentyabr , 2018
Sentyabrın 15-i Azərbaycanın çoxmilyonlu təhsil ictimaiyyətinin bayramı, Bilik Günüdür. Azərbaycan təhsilinin bugünkü inkişafı öz mənbəyini ötən əsrin 70-ci illərindən ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə aparılan uzaqgörən və məqsədyönlü siyasətdən alıb. O vaxtdan başlayan qlobal miqyaslı təhsil quruculuğu sonrakı inkişaf üçün güclü təməl olub. 1969-1982-ci illərdə məktəbəqədər tərbiyə müəssisələrinin sayı 1600-dən 1875-ə çatıb. Heydər Əliyevin imzaladığı "Ümumtəhsil məktəbləri şagirdlərinin dərsliklərdən pulsuz istifadə etməyə keçmək haqqında" qərarı da onun xalqına böyük töhfəsi idi. Ötən əsrin 70-80-ci illərində 5 yeni ali məktəb yaradılıb. Cəmşid Naxçıvanski adına ilk hərbi məktəb isə ölkəmizdə milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayıb. Ümummilli liderin Azərbaycana ikinci dəfə hakimiyyətə qayıdışından sonra da ölkəmizdə elmin, təhsilin inkişafında böyük işlər görülüb. 1993-2003-cü illərdə 6 yeni akademiya təsis edilib, özəl ali məktəblər yaradılıb. Prezident İlham Əliyevin qayğısı, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr ulu öndərin təhsil siyasətinin uğurlu davamının göstəricisidir. Bir faktı xatırlatmaq kifayətdir: ölkəmizdə təhsil sisteminin bütün pillələri üzrə Dövlət proqramları uğurla həyata keçirilir. Azərbaycan təhsilində ən uğurlu nəticələrdən biri məktəb tikintisinin geniş vüsət almasıdır. 2003-cü ildən indiyədək ölkəmizdə iki mindən çox yeni məktəb binası tikilib. Prezident İlham Əliyevin sərəncamı ilə “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” mükafatlarının təqdimatı da məktəb və müəllimin statusunun yüksəldilməsinə xidmət edir. Gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində gənclərin dünyanın müxtəlif ölkələrinin nüfuzlu ali məktəblərinə təhsil almağa göndərilməsi istiqamətində də işlər uğurla davam etdirilir. Təhsilin inkişafında Heydər Əliyev Fondu və onun Prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri də xüsusi vurğulanmalıdır. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində son illərdə ölkəmizdə müasir tələblərə cavab verən 400-ə yaxın məktəb tikilib və yenidən qurulub, həmçinin 40-a yaxın uşaq evi və internat məktəbi əsaslı təmir və bərpa olunub, lazımi avadanlıqla təchiz edilib. Fondun dəstəyi ilə əyani tədris vəsaitləri çap edilib. Beləliklə, sentyabrın 15-i ölkəmizin bütün ümumtəhsil məktəbləri və ali təhsil ocaqlarında yeni dərs ili başlayır. Ümumilikdə isə, hər yeni dərs ilində bütün təhsil işçilərini, tələbə və şagirdləri yeniliklər gözləyir. Yeniliklər isə həm də uğurların başlanğıcı deməkdir.