Qobustan rayon Mərkəzi kitabxanası

Qobustan rayon MKS
Xəbərlər
18 Sentyabr , 2018
Beynəlxalq Savadlılıq Günü (İnternational Literasy Day) Beynəlxalq Millətlər Təşkilatı sistemində qeyd olunan bayramlardandır. O, 1965-ci ilin sentyabrında Tehranda keçirilmiş Təhsil nazirlərinin savadsızlığın ləğv edilməsi üzrə ümumdünya konfransının tövsiyələri ilə YUNESKO tərəfindən 1966-cı ildə təsis olunmuşdur. Sentyabrın 8-i bu konfransın təntənəli açılışı günüdür.
Bu günün əsas məqsədi YUNESKO-nun fəaliyyətinin əsas sahələrindən biri olan, ayrı-ayrı şəxslərin, icmaların, birliklərin hüquq və imkanlarının genişləndirilməsi aləti kimi savadlılığın yayılması sahəsində beynəlxalq birliyin səylərini fəallaşdırmaqdır.
Savadlılıq bəşəriyyət üçün həqiqətən bayramıdır. Çünki bu sahədə nəhəng uğurlar qazanılmış, Yer kürəsində savadlı insanların sayı 4 milyarda çatmışdır. Lakin bir çox ölkələrin bu sahədəki böyük uğurlarına baxmayaraq, dünyada 860 milyon yaşlı insan hələ də savadsızdır, 100 milyon uşaq isə məktəbə getmir. Saysız-hesabsız uşaq, gənc və böyük isə müasir dövrün tələblərinə cavab verən səviyyədə savada malik deyillər, bu da onları savadlı hesab etməyə imkan vermir.
Bu əlamətdar günün qeyd olunmasında hökumətlər, çoxtərəfli, ikitərəfli və qeyri-hökumət təşkilatları, özəl sektor, birliklər, cəmiyyətlər, həmçinin müəllimlər, bu sahənin mütəxəssisləri, tələbələr iştirak edirlər.
Qeyd etmək lazımdır ki, hər il Savadlılıq Günü müəyyən mövzuya həsr olunur. Belə ki, o, müxtəlif illərdə aşağıdakı devizlər altında keçirilmişdir: “Qadınlar üçün savadın əhəmiyyəti”, “Savadlılıq şəxsi imkanları genişləndirir”, “Savadlılıq və sağlamlıq”, “Savadlılıq sabit inkişafı təmin edir”, “Keçmişi oxuyaraq, gələcəyi yazırıq” və s.