Qobustan rayon Mərkəzi kitabxanası

Qobustan rayon MKS
Tədbirlər
25 Sentyabr , 2018
Sentyabr ayının 21 – də Qobustan rayon Mərkəzi Kitabxanasında “Sülh Uşaqların Gözü İlə” adlı tədbir təşkil edildi. Uşaqlarda və gənclərdə sülh mədəniyyəti, vətənpərvərlik, adət ənənələrə hörmət ruhu aşılamaq, insanpərvərlik, sülhsevərlik hisslərini gücləndirmək məqsədilə təşkil olunan tədbirdə Qobustan rayon A.O.Çernyayevski adına 1 saylı Tam orta məktəbin şagirdləri, valideynlər, Qobustan rayon Mədəniyyət Mərkəzinin əməkdaşları iştirak edirdilər. Tədbiri Xidmət şöbəsinin müdiri Ağaquliyeva Sevinc açaraq iştirakçılara 21 avqust – 21 sentyabr “Sülh aylığı”nın mahiyyəti, Beynəlxalq Sülh Gününün yaranma tarixi haqqında ətraflı məlumat verdi. Çıxışında A. Sevinc Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə də toxunaraq qeyd etdi ki, əbədi mövzu olan Sülh mövzusu bu gün torpaqlarının 20 faizi işğal altında olan, bir milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycan üçün də xüsusi əhəmiyyət kəsb edir. Təəssüf ki, ən sülhsevər xalqlardan biri olan, dünyanın ən tolerant ölkəsinin vətəndaşları Ermənistanın ölkəmizə təcavüzü nəticəsində öz vətənlərində didərginə dönüblər, uzun illər ərzində qurduqları ev-eşiklərindən, topladıqları sərvətlərindən məhrum olublar. Bu illərdə Azərbaycan həmişə münaqişənin sülh yolu ilə aradan qaldırılması istiqamətində mühüm addımlar atıb. 
Sevinc xanımın çıxışından sonra tədbir iştirakçıları üçün Beynəlxalq Sülh gününə həsr olunmuş videoçarx nümayiş olundu. 
Daha sonra isə söz uşaqlara verildi. Balaca sülhsevərlər mövzuya uyğun şeirlər səsləndirdilər, “Qoy Həmişə Sülh Olsun” başlıqlı sərgi ilə tanış oldular. Mərkəzi kitabxananın həyətində sülh, vətən, dostluq, azadlıq və s. ilə bağlı düşüncələrini çəkdikləri şəkilləri vasitəsi ilə nümayiş etdirdilər. Sonda isə uşaqlarla xatirə şəkli çəkildi.
Foto Qalereya