Qobustan rayon Mərkəzi kitabxanası

Qobustan rayon MKS
"Islam Mədəniyyətinin İncisi - Naxçıvan"
20 Fevral , 2018
Naxçıvan 2018-ci il İslam mədəniyyətinin paytaxtıdır 

 Naxçıvan Azərbaycan xalqının qədim tarixini əks etdirən müqəddəs bir torpaqdır.
Heydər Əliyev,
Azərbaycan xalqının ümummilli lideri 

Qədim Azərbaycan torpağı olan Naxçıvan Yer kürəsində həyatın başlandığı ilk insan məskənlərindən biridir. Beş min il bundan əvvəl Naxçıvan şəhər mədəniyyətinin formalaşması Azərbaycanın bu qədim torpağında sivilizasiyanın inkişafının ən mühüm göstəricisi hesab olunur. Azərbaycan xalqı bu diyarda zəngin mədəniyyət yaratmış, qədim filosof və mütəfəkkirlər Naxçıvanı təkcə Şərqin deyil, həm də Qərbin Günəşi adlandırmışlar. Naxçıvan Muxtar Respublikasının ərazisi 5,5 min kvadrat kilometr, əhalisi 450 min nəfərdir (1 iyun 2017). Naxçıvan Muxtar Respublikası paytaxt Naxçıvan şəhərindən və 7 inzibati rayondan təşkil olunub: 5 şəhəri, 8 qəsəbəsi, 207 kəndi vardır. Naxçıvan Muxtar Respublikasının sərhədi Türkiyə Respublikası ilə 14 kilometr, İran İslam Respublikası ilə 204 kilometr, Ermənistanla 246 kilometr təşkil edir. Naxçıvan diyarı tarixən özünün görkəmli yetirmələri ilə tanınmışdır. Naxçıvan torpağının ölkəmizə bəxş etdiyi ümummilli lider Heydər Əliyev dünyada böyük şöhrət qazanmış görkəmli dövlət xadimi kimi müstəqil Azərbaycanı yaratmış, dövlət müstəqilliyimizin banisi olmuş, böyük inkişafın mühüm təməllərinin əsasını qoymuşdur. Naxçıvan hərb tarixində qüdrətli sərkərdələr kimi tanınmış Ehsan xan Naxçıvanski, Hüseyn xan 8 Naxçıvanski, Cəfərqulu xan və Cəmşid xan Naxçıvanskilərin vətənidir. Azərbaycanın ədəbiyyat, mədəniyyət və incəsənət tarixində də Naxçıvanın əhəmiyyətli yeri vardır. Belə ki, Naxçıvanda yaşayıb-yaratmış Şərq memarlıq məktəbinin banisi Əcəmi Əbubəkr oğlu Naxçıvaninin məşhur Möminəxatun məqbərəsi özünün sənət dəyərinə görə Nizami Gəncəvinin məşhur “Xəmsə”si ilə müqayisə olunur. 1883-cü ildən fəaliyyət göstərən Naxçıvan teatrı Azərbaycan teatr mədəniyyətinə böyük töhfələr vermişdir. Şərqdə ilk akademiyanı və rəsədxananı yaratmış Nəsirəddin Tusi, qüdrətli yazıçı və ictimai xadim Cəlil Məmmədquluzadə, Azərbaycan realist rəssamlıq məktəbinin banisi Bəhruz Kəngərli, ilk tarixi romanların müəllifi Məmməd Səid Ordubadi, böyük maarifçi və ədib Məhəmməd Tağı Sidqi, romantizm ədəbi cərəyanının əsasını qoymuş Hüseyn Cavid, dünyaca məşhur kimyaçı alim, akademik Yusif Məmmədəliyev, görkəmli publisist Məhəmməd ağa Şahtaxtlı, Xalq şairi Məmməd Araz, Xalq yazıçısı Hüseyn İbrahimov bu diyarın yetirmələridir. Qüdrətli sənətkarlar olan Cəlil Məmmədquluzadənin, Hüseyn Cavidin, Məmməd Səid Ordubadinin, akademik Yusif Məmmədəliyevin ev muzeyləri, ədəbiyyat, tarix və xalça muzeyləri Naxçıvanın mədəni həyatında mühüm yer tutur. Bu gün Naxçıvan Muxtar Respublikası Azərbaycanın əsas elm, təhsil və ictimai fikir mərkəzlərindən biridir. Azərbaycan Milli Elmlər Akademiyasının prezidentləri, görkəmli kimyaçı alim Yusif Məmmədəliyev, yarımkeçiricilər fizikası məktəbinin yaradıcısı Həsən Abdullayev, məşhur riyaziyyatçı Fərəməz Maqsudov, informatika-radiasiya üzrə qəbul olunmuş elm xadimi, professor Mahmud Kərimov, akademik Məmməd Cəfər Cəfərov, professor Abbas Zamanov, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli, akademik Teymur Kərimli və onlarla başqa görkəmli elm xadimləri Azərbaycan elminə, təhsilinə, ictimai fikrinin inkişafına yeni səhifələr yazmışlar. 9 Naxçıvanda hələ orta əsrlərdə universitet funksiyasını yerinə yetirən ali mədrəsələr mövcud olmuş, 1830-cu ildə isə ilk dünyəvi məktəb yaradılmışdır. Bu gün Naxçıvan Dövlət Universiteti nümunəvi kampusuna, nailiyyətlərinə və ərazisinin genişliyinə görə “Azərbaycanın Oksfordu” kimi tanınır. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi fəaliyyət göstərdiyi 15 il ərzində ölkəmizin mühüm elmi mərkəzlərindən birinə çevrilmişdir. Naxçıvanda olan qədim yaşayış yerləri, şəhərlər, möhtəşəm qalalar, xatirə memarlığının ən mükəmməl nümunələri olan türbələr qədim və orta əsrlər dövrünə aid mədəniyyət nümunələri, və təkrarsız təbiət abidələridir. İslam dini qəbul olunana qədərki mədəniyyətin nümunələri kimi neolit, eneolit, Kür-Araz və Boyalı qablar mədəniyyətinin nadir incilərini, Gəmiqaya abidələrini də qeyd etmək olar. 653-cü ildən sonra isə bu mədəniyyət İslam mədəniyyəti ilə vəhdətdə inkişaf etməyə başlamışdır. İslam dininin qəbulundan sonra Naxçıvan memarları islam memarlıq ənənələrindən də bəhrələnmiş, bir-birindən dəyərli türk-islam mədəniyyəti nümunələri ilə tarix və mədəniyyətimizi daha da zənginləşdirmişlər. Belə abidələrdən biri Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Naxçıvani tərəfindən Naxçıvan şəhərinin cənub-şərq tərəfində 1162-ci ildə inşa edilən Yusif Küseyiroğlu türbəsidir. El arasında “Atababa günbəzi” kimi də tanınan abidə yeraltı sərdabədən və yerüstü türbədən ibarətdir. Naxçıvanın türk-islam mədəniyyətinin ən dəyərli nümunələrindən olan Yusif Küseyroğlu türbəsində məqbərənin qurşağında Qurani-Kərimin “Al-i İmran” surəsindən 15-17-ci ayələr, tağı üzərində isə “Bənna Əcəmi Əbubəkr oğlu Naxçıvaninin əməlidir” sözləri yazılmışdır. XII əsrdə böyük memar Ə.Ə.Naxçıvaninin Atabəy Eldənizin xanımı Möminə xatının şərəfinə ucaltdığı türbə isə Şərq memarlığı tarixində qızıl səhifədir. Möminə xatın türbəsi türk-islam aləmində qadına verilən dəyərin ifadəsidir. Diqqətçəkən abidələrdən digəri XII əsrdə Culfa yaxınlığında ucaldılan Gülüstan türbəsidir. 10 Əcəmi ənənələrini davam etdirən bu nadir sənət incisi naxış kompozisiyasının kamilliyi, özünəməxsusluğu ilə bütöv bir sənətkarlıq məktəbindən xəbər verir. Tünd qırmızı tufdan inşa edilən, abidə sərdabə və türbədən ibarət Gülüstan türbəsi mənbələrdə bəzən “Kəsik günbəz” kimi də qeyd edilir. Naxçıvan şəhərinin yaxınlığında yerləşən və Qurani-Kərimdə adı çəkilən Əshabi-Kəhf Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksi kimi xüsusi əhəmiyyət kəsb edir. Bu yer yüz illər boyunca dini inanc məkanı kimi tanınmışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hələ Sovet hakimiyyəti illərində xalqımızın dininə, inanclarına hörmət bəsləmiş və müqəddəs yerlərə qayğı göstərmişdir. Bu qayğı, müstəqillik dövrümüzdə də davam etmişdir. Ulu öndərin 1998-ci ildə Əshabi-Kəhfin abadlaşdırılması və bərpa edilməsi barədə göstəriş verməsi, xalqımızın dininə və tarixinə göstərilən qayğının bariz nümunəsidir. Bu gün Əshabi-Kəhf tarixi abidəsi və ziyarətgahı yenidən qurulmuş, burada məscid tikilmiş, yol çəkilmiş, zəvvarlar üçün hər cür şərait yaradılmışdır. Orta əsrlər Azərbaycan tarixinin əvəzsiz yadigarı olan Qarabağlar Türbə Kompleksi Kəngərli rayonunun Qarabağlar kəndində yerləşir. Bir türbə və qoşa minarəli baştağdan ibarətdir. Qoşa minarəli baştağın üzərindəki kitabənin mətnindən aydın olur ki, bu kompleksin tikilməsini Cahan Quti xatın əmr etmişdir. Müsəlmanların ibadət və təhsil yerləri kimi yaranan dini ocaqlardan biri də Naxçıvan şəhər Came məscididir. İslamın əvvəllərindən mövcud olan və XVIII əsrdə Məhəmməd Təqi tərəfindən təmir olunan, xalq arasında “Şəhər məscidi” kimi tanınan Came məscidi sovet hakimiyyəti illərində, ateizm təbliğatına geniş rəvac verildiyi bir dövrdə Naхçıvanda fəaliyyət göstərən yeganə məscid olub. Ordubad Came və Qırx kimsənə məscidləri, Babək rayonunun Cəhri kəndindəki Cilovxanlı məscidi də sovet hakimiyyətindən əvvəlki dövrlərdə bölgənin sosialsiyasi və ideoloji həyatında mühüm rol oynamışdır. Müstəqillik dövründə Heydər məscidi, Nehrəm kənd məscidi, Şərur məscidi, 11 Əbrəqunus və Naxçıvan şəhərində tikilən yeni məscid kompleksi islami dəyərlərə olan bağlılığı nümayiş etdirir. Naxçıvanın türk-islam mədəniyyəti abidələri içərisində orta əsr Azərbaycan memarlığının nadir nümunələrindən sayılan buzxanaların da xüsusi yeri vardır. Özünəməxsus memarlıq xüsusiyyətləri ilə seçilən belə abidələrdən biri Naxçıvan şəhərinin cənub tərəfində, İmamzadə kompleksinin yaxınlığında yerləşən XII-XIV əsrlərə aid buzxanadır. Bununla yanaşı, XIV əsr abidəsi olan Ordubad şəhər buzxanası və tarixi XIX əsrə aid edilən Cəlilkənd buzxanası qədim dövrlərdə havaların isti vaxtlarında əhalinin buza olan tələbatını ödəmişdir. Zaman keçdikcə güclü aşınmaya məruz qalmış buzxana kompleksləri bərpa olunmuşdur. Naxçıvan Muxtar Respublikası ərazisində inşa olunmuş türkislam mədəniyyəti abidələrinə mülki tikililər, o cümlədən saraylar da daxildir. Belə saraylardan biri Naxçıvan xanlarının yaşayış evi – Xan Sarayıdır. Sarayı XVIII əsrin sonlarında Naxçıvan xanı, görkəmli dövlət xadimi Kəlbəli xan Kəngərli tikdirmişdir. VII əsrdən sonra Naxçıvan ərazisində müxtəlif sufi təriqətlərinə mənsub mərkəzlər, o cümlədən zaviyələr, həmçinin savadlı kadrlara olan tələbatı ödəmək məqsədi ilə mədrəsə binaları da inşa olunmuşdur. Zaviyələr həm ibadət və zikr yerləri, həm də təhsil mərkəzləri olduğundan zaviyə-mədrəsə binaları da tikilirdi. Naxçıvanda xüsusi memarlıq üslubunda inşa edilən Naxçıvanın türk-islam mədəniyyəti nümunələri sırasında özünəməxsus memarlıq xüsusiyyətlərinə malik olan zaviyə-mədrəsə binası xüsusi yer tutur. Naxçıvan ərazisində orta əsrlər zamanı yaradılan dinimemarlıq abidələri sırasında xanəgah kompleksləri də mühüm əhəmiyyətə malikdir. Belə komplekslərdən biri memarlıq quruluşuna görə XII əsrə aid edilən Xanəgah Memarlıq Kompleksidir. Xanəgah Memarlıq Kompleksi Culfa rayonunun Xanəgah kəndindən şimаl-şərq tərəfdə Əmir Teymura qarşı müqavimətin əsas istinadgahı olan Əlincəqalanın yaxınlığında yеrləşir. Kоmplеks türbə, məscid və digər tikililərdən ibarətdir. 12 Türk-islam mədəniyyəti abidələrinin özünəməxsus nümunələrindən biri də hamamlardır. Naxçıvan şəhərinin mərkəzində yerləşən Şərq hamamı XVIII əsrdə Şərq memarlığı üslubunda inşa edilib. Şərur rayonundakı XVIII əsrə aid edilən Yengicə hamamı, eyni zamanda, XVIII-XIX əsr Ordubad hamamı əhalinin həyatında mühüm rol oynamış, yuyunma, paklanma yeri olmaqla bərabər, həm də insanların görüş, söhbət, istirahət və müalicə məkanına çevrilmişdir. Məşhur Batabat yaylağı, füsunkar Ordubad dağları, Arpaçay vadisi Naxçıvanın turizm baxımından da böyük imkanlara malik olduğunu göstərir. Naxçıvan şəhərindəki 5 ulduzlu “Təbriz” və “Duzdağ” hotelləri və digər mehmanxanalar xarici qonaqlara Avropa standartları səviyyəsində xidmət göstərmək imkanlarına malikdir. Bronxial astma və allergiya xəstəliklərini təbii üsullarla müalicə edən Duzdağ xəstəxanasının dünyada analoqu yoxdur. Naxçıvan Duz muzeyi dünyanın nadir muzeylərindən biridir. Muxtar respublikada tarixi abidələrin tədqiqi və beynəlxalq miqyasda təbliği istiqamətində həyata keçirilən ardıcıl tədbirlər də artıq öz bəhrəsini verir. Alimlərimizin xarici ölkələrin aparıcı elmi müəssisə və mütəxəssislərinin iştirakı ilə Naxçıvan tarixinə, arxeologiyasına, etnoqrafiyasına və folkloruna dair tədqiqatlar aparmasına, ekspedisiyaların təşkil olunmasına, müxtəlif mövzularda kitab, monoqrafiya, dərslik və elmi məqalələrin nəşr edilməsinə əsaslı təkan vermiş, beş minillik tarixə malik Naxçıvan şəhər mədəniyyəti tədqiqat mövzusuna çevrilmişdir. Aparılan tədqiqatların nəticəsi və elmi sübutu olaraq nəşr olunan minlərlə kitab və ensiklopediyalar da Naxçıvan tarixi ilə yanaşı, həm də bu qədim diyardakı abidələrin öyrənilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Xüsusilə, Azərbaycan və ingilis dillərində nəşr olunan “Naxçıvan abidələri ensiklopediyası”, “Naxçıvan: türk-islam mədəniyyəti abidələri” kitabları Naxçıvandakı türkislam mədəniyyəti abidələri haqqında dolğun məlumat verən dəyərli elmi ədəbiyyatdır. 13 Naxçıvan Muxtar Respublikası bütün sahələr üzrə böyük sürətlə inkişaf edərək, sözün əsl mənasında, intibah mərhələsi səviyyəsinə yüksəlmişdir. Regionda müasir sənaye mərkəzləri yaradılmış, aqrar sektorun yüksək inkişafı təmin edilmişdir. Naxçıvanın 2018-ci ilin Gənclər Paytaxtı seçilməsi burada insan resurslarının sürətli artımı ilə bərabər, həm də ölkəmizin yeni nəsillərinin inkişafına yaradılan geniş imkanları da nümayiş etdirir. Naxçıvan Muxtar Respublikasının 2017-ci ilin mühüm iqtisadi göstəricilərinə görə Azərbaycan Respublikasının regionları arasında birincilik qazanması burada illərdən bəri aparılan ardıcıl quruculuq proseslərinin qanunauyğun məntiqi nəticəsidir. Bütün bunlar nəzərə alınaraq Naxçıvanın 2018-ci ilin Gənclər Paytaxtı seçilməsi burada insan resurslarının sürətli artımı ilə bərabər, həm də ölkəmizin yeni nəsillərinin inkişafına yaradılan geniş imkanları da nümayiş etdirir. Eyni zamanda İslam Ölkələrinin Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İSESCO) təklifi ilə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabrında Bakı şəhərində keçirilmiş altıncı konfransında qəbul edilmiş qərarla Naxçıvan şəhəri 2018- ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilmişdir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 2016-cı il 2 iyun tarixində “Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” sərəncam imzalamışdır. Təşkilat Komitəsinin Tədbirlər Planına əsasən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” rəsmi internet səhifəsi yaradılmışdır. “İslam mədəniyyətinin paytaxtı Naxçıvan – 2018” loqotipinin təqdimatı olmuş, Naxçıvan şəhərinin İslam mədəniyyətinin paytaxtı olmasını əks etdirən videoçarxlar, suvenirlər, zərf və poçt markaları, kitablar hazırlanmışdır. “Naxçıvanın türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə” beynəlxalq konfransı isə Naxçıvan Muxtar Respublikası ərazisin- 14 dəki türk-islam mədəniyyəti abidələrinin öyrənilməsi və təbliğində yeni mərhələnin əsasını qoymuşdur. Bu bir reallıqdır ki, bəşər sivilizasiyaları arasında İslam sivilizasiyasının daim xüsusi yeri olub. Ümumiyyətlə, İslamın geniş yayılmasını təkcə dini etiqad baxımından izah etmək düzgün olmazdı. İslamın yayılması həm də mədəni ənənə və elmlə bağlıdır. Dünyanın çox böyük coğrafi ərazisini əhatə edən İslam dünyasında bu gün yüzlərlə şəhər mövcuddur. Bu şəhərlər arasında əhalisinin sayına, infrastrukturuna görə diqqəti cəlb edənləri də az deyil. Lakin həmin şəhərlərin əksəriyyəti “İslam mədəniyyətinin paytaxtı” kimi şərəfli bir ada hələ də layiq görülməyib. Naxçıvan şəhəri isə tarixiliyi, zəngin mədəniyyəti və bütün istiqamətlər üzrə həyata keçirilən quruculuq işləri nəticəsində “İslam mədəniyyətinin paytaxtı” adına layiq görülüb. Bu da həqiqətdir ki, İslamın mədəni göstəricilərindən biri kitab mədəniyyətidir. Heç bir din haqqında bu qədər kitab yazılmayıb. İnanırıq ki, 2018-ci ildən başlayaraq İslam dünyasında yazılacaq kitablarda Naxçıvanın adı daha çox qeyd olunacaq. Çünki tarixən Yaxın və Orta Şərqin əzəmətli şəhərlərindən biri kimi Naxçıvan bütün böyük keçmişi ərzində İslam mədəniyyətinin çoxəsrlik nailiyyətlərinin layiqincə qorunub yaşadılmasında özünəməxsus rol oynayıb. Bu ənənəni İslam mədəniyyətinin paytaxtı kimi daha böyük əzmlə davam etdirəcək. Naxçıvanın İslam mədəniyyətinin və gənclərin paytaxtı olması həm də keçmişlə gələcək arasında sağlam körpü, nəsillərarası qırılmaz mənəvi bağlar deməkdir. Sağlam milli-mənəvi və dini dəyərlər, dövlətçilik və vətənpərvərlik ideyaları əsasında yetişən gəncliyin firavan gələcəkdən xəbər verməsi deməkdir. Hər iki status qoca Şərqin qapısı olan Naxçıvanın qədim tarixinin, özünəməxsus mənəvi dəyərlərinin, füsünkar təbiətinin, müasir inkişaf tarixinin tanıdılması, müasir şəhərsalma mədəniyyəti və memarlıq üslubuna malik olan muxtar respublikanın turizm potensialının nümayişi baxımından yeni imkanlar yaradır.