Qobustan rayon Mərkəzi kitabxanası

Qobustan rayon MKS
"Islam Mədəniyyətinin İncisi - Naxçıvan"
20 Fevral , 2018
Görkəmli şəxslər Naxçıvan haqqında 

Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır. Bu kiçik ərazidə həddindən çox dünya miqyaslı tarix-memarlıq abidələri yaşayıb və bu gün də yaşayır. Onların hər biri Azərbaycan xalqının həm tarixini, həm mədəniyyətini, həm də adət-ənənələrini göstərən abidələrdir. 
                                                                    *** 
Naxçıvanın qədim, zəngin tarixi Azərbaycan tarixinin çox parlaq səhifələrindəndir. Bizim əsas məqsədimiz Naxçıvanın tarixini hərtərəfli öyrənmək, tədqiq etmək, onları elmi və populyar kitablarda dərc etmək, təbliğat materiallarında istifadə etməkdir. 

Heydər Əliyev, 
Azərbaycan xalqının ümummilli lideri

Hər bir yerin tarixi yalnız kitablarda deyil, onun torpağında, tikililərində, abidələrində yaşayır. Tarixini, Vətənini sevən insanlar abidələri qoruyub gələcək nəsillərə ötürməlidir. Hər birimiz tariximizlə qürur hissi keçirməli, bütün dünyaya göstərməliyik ki, ulu babalarımız, əcdadlarımız belə zəngin tarixə malik olublar. 

Vasif Talıbov, 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan ölkəmizin tarixində və müasir inkişafında möhkəm yer tutan əsas mərkəzlərdən biridir. Bu diyar Azərbaycanda insanların ilkin məskunlaşma zamanından protoazərbaycanlıların formalaşdıqları, türk-oğuz qəbilə-tayfa birliklərinin yaranmasına qədərki ən qədim dövrlərdən etibarən həmişə ulu əcdadlarımızın məskənlərindən biri olmuşdur. Bir sıra dünya hadisələri və regional proseslər Naxçıvanın ilkin sivilizasiyaların əsas mərkəzlərindən biri olduğunu sübut edir.

İsa Həbibbəyli, 
akademik

Son illərdə muxtar respublikada aparılan tikinti, quruculuq və abadlıq işləri nəticəsində Naxçıvan şəhəri, rayon mərkəzləri, qəsəbə və kəndlər göz oxşayır, Şərq və Qərb memarlıq elementlərini özündə birləşdirən sosial obyektlər, inzibati binalar, yaşayış evləri diyara gözəllik verir, bu işi görənlərin əməyi yüksək qiymətləndirilir... Xan sarayı, Zaviyyə mədrəsə binası, Came məscidi, İmamzadə kompleksi, Buzxana, “Naxçıvanqala” TarixMemarlıq Muzey Kompleksi, Xanəgah Abidəsi Kompleksi, Gülüstan türbəsi, Möminə Xatın və Yusif Küseyir oğlu türbələri, Xanlıqlar İmamzadəsi və onlarca tarix və mədəniyyət abidəsi bərpa olunmuş, 1200-dən artıq abidə qeydə alınmış, pasportlaşdırılmış və onlar üzərində tədqiqatlar aparılır. Bu gün Naxçıvanda tarixi-memarlıq abidələrində Şərq elementləri ilə müasirlik qovuşur, bu elementlər isə şəhərə xüsusi yaraşıq verir, onu daha da gözəlləşdirir.

İsmayıl Hacıyev, 
akademik

Sinəmdə o yerin dağ havasıdır, 
Qaynar bulaqları qaynar qanımda. 
Mənim ürəyimin bir parçasıdır 
Doğma Şahbuzum da, Naxçıvanım da. 

Məmməd Araz, 
Xalq şairi

Naxçıvanın yolları torpağın köksündə uzanıb gedir. Dağların qoynunda qıvrılır, düzənlərdən təpələrə tərəf yüksəlir, kəndlərin, şəhərlərin başına dolanır.
                                                                 ***
...Xalq etimologiyasına əsasən, Naxçıvan toponimi “Nuh yurdu”, Naxçıvan deməkdir. Rəvayətə görə, Nuh Peyğəmbərin gəmisi tufandan sonra bu əraziyə yan alıb. Bununla bağlı dünyanın bir sıra nüfuzlu mifologiya alimləri elmi dəlillər irəli sürürlər... Bu mənada Naxçıvan tufanların dağıdıb param-parça etdiyi bəşəriyyətin yenidən binə olunduğu yerdir. Məsələnin mifoloji tərəfini kənara qoysaq, bu qədim Azərbaycan torpağının indi də tarix üçün eyni əhəmiyyəti daşıdığını görərik. Naxçıvan bu gün də yenidən qurulan, inkişaf edən, yüksələn, nümunə yaradan, hər tərəfə hüzur, sevgi, səmimiyyət saçan önəmli bir dünyadır. 

Hüseynbala Mirələmov, 
professor

Naxçıvan Azərbaycanın ən qədim diyarı olduğu kimi, həm də ən yeni, ən müasir diyarıdır. Tarixi yaddaşımızı təzələyib ümumiyyətlə bəşər sivilizasiyasının keçmişinə nəzər salsaq, ən erkən tarixi mərhələlərdə də yenə Naxçıvanın bir mərkəzi coğrafiya kimi qarşımıza çıxdığını görərik. Akademik tarixin xatırladığı mədəniyyət və dövlətçilik ənənələrinin kökü beş min il öncəyə gedib çıxır. Təqribən elə beş min il öncə də bütün tarixi qaynaqlarda bu və ya digər şəkildə Naxçıvanın adı çəkilir. Əgər biz bu qaynaqların ayrı-ayrı coğrafiyalarda yerləşən mənbələrinə diqqət yetirsək, görəcəyik ki, bu, çox geniş, çoxşaxəli bir siyasi coğrafiyanı əhatə edir. 

Hikmət Babaoğlu, 
millət vəkili, professor

Naxçıvan Muxtar Respublikasının ərazisində İslam mədəniyyətini əks etdirən çoxsaylı tarixi-memarlıq abidələri mövcuddur. 29 Bu mühüm maddi və eyni zamanda, mənəvi sərvətlərimizin sırasında muxtar respublikanın müxtəlif bölgələrində yerləşən, peyğəmbər övladlarının dəfn olunduğu imamzadələrin özünəməxsus əhəmiyyəti, xüsusi yeri var. Naxçıvanın on üç əsrdən artıq bir dövrünü özündə təcəssüm etdirən bu dəyərli abidələr yalnız ölkəmizin deyil, bütövlükdə, müsəlman Şərqinin qədim sənətkarlıq, xüsusilə də memarlıq ənənələrinin, çoxəsrlik tarixi keçmişinin yadigarlarıdır. 

Rauf Kəngərli, 
AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosunun rəhbəri

Böyük şəxsiyyətlər yurdu – Naxçıvan dünyanın ən qədim yaşayış məskənlərindən biridir. Qardaş Türkiyəyə açılan yeganə qapı olan bu qədim diyarda aparılmış arxeoloji qazıntılar zamanı tapılan maddi mədəniyyət nümunələri, duz mədənində aşkar edilmiş daş duz parçasının içərisində daşlaşmış balıq silueti, Gəmiqaya yazılı abidələri, dağ süxurlarının və torpaq qatlarının öyrənilməsi və digər tapıntılar bu məmləkətin ən qədim yaşayış məskənlərindən biri olduğunu təsdiqləyir. Bu diyarda Azərbaycan xalqının zəngin tarixi, elmi və mədəni irsi formalaşmışdır.

Bəxtiyar Əsgərov,
Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru

Naxçıvan Televiziyasında Naxçıvanın şərəfli tarixi həqiqətləri, dünəni və bu günü haqqında çəkilən, istehsal olunan yeni filmlərə, müxtəlif yeni təsviri materiallara baxdıqca qəlbim fərəh hissiylə dolub-daşır, köksümə sığmayan sevinc duyğuları ilə naxçıvanlı dostlara, həmkarlarıma minnətdarlıq edir, ruhumda yaradıcılıq uğurlarının, zəfər zənglərinin möhtəşəm qələbə səslərini eşidirdim. Məni ən çox sevindirən, qəlbən rahat edən o idi ki, həmin filmlərdə saf, səmimi bir yaradıcı ovqat, kosmetik bəzək- 30 düzəksiz gerçək bir Naxçıvan, Vətən sevgisi vardı; bu sevginin damarlarında tarixin və bu günün NAXÇIVAN HƏQİQƏTLƏRİ DÖYÜNÜRDÜ; o qəlb döyüntülərindən Gəmiqaya, ƏshabiKəhf, Əlincə, Ağrıdağ zirvələrinin, beş min illik Naxçıvan ŞƏHƏR MƏDƏNİYYƏTİNİN SƏSİ gəlirdi; bir sözlə, həmin filmlərdə tarixlə tarixçiliyin, sənətlə sənətkarlığın, sənətə az qala romantik sevgi ilə rasional, realist professionallığın tam, bütöv vəhdətini gördüm. 

Sadıq Elcanlı, 
Əməkdar jurnalist