Qobustan rayon Mərkəzi kitabxanası

Qobustan rayon MKS
Xəbərlər
18 Noyabr , 2019

Azərbaycanın xalq artisti, bir çox məşhur mahnıların müəllifi, mərhum bəstəkar Emin Sabitoğlu - O Emin Sabiroğlu ki, musiqinin müxtəlif janrlarında bir çox dəyərli əsərlərin müəllifidir və həmin əsərlər bu gün də sevə-sevə dinlənilir, mahnıları dillər əzbəridir.

600-dən çox mahnı, 9 musiqili komediya, 40-a yaxın filmə musiqi bəstələyən bəstəkarın tamaşalara yazdığı musiqilərsə o qədər çoxdur ki, deyilənə gröə onların sayını heç özü də doğru-dürüst bilmirdi.
”Dərələr", "Bakı, sabahın xeyir", "Uzaq yaşıl ada", "Dağlar", "İnsaf da yaxşı şeydir" və dillər əzbəri olan neçə-neçə mahnılar Emin Sabitoğlu həyatda olmasa da, onun yaradıcılığını bu gün də yaşatmaqdadır...

Emin Sabit oğlu Mahmudov 1937-ci il noyabrın 2-də yazıçı-dramaturq, əməkdar incəsənət xadimi Sabit Rəhmanın ailəsində doğulub. Ailədə Eminin özündən başqa iki bacısı da doğulub.

Emin Sabitoğlu ilk musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki onillik orta ixtisas musiqi məktəbinin fortepiano sinfində alıb. İlk bəstələri 7-ci sinifdə – Midhət Əhmədovun uşaq yaradıcılığı sinfində oxuyarkən yaranıb. Sonra o, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsinə – dahi bəstəkar Qara Qarayevin sinfinə daxil olub, iki ildən sonra P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında təhsilini davam etdirərək görkəmli rus bəstəkarı, professor Y.Şaporinin sinfini müvəffəqiyyətlə bitirib.

Sabit Rəhman kimi tanınmış ədəbiyyat xadiminin ailəsində böyümək, evlərində daim məşhur şair və yazıçıları görmək, dinləmək sözsüz ki, Emin Sabitoğlunun insan və sənətkar kimi formalaşmasına da böyük təsir göstərib.

Onun yaradıcılığı milli musiqi mədəniyyəti salnaməmizin dəyərli səhifələrini təşkil edir
E.Sabitoğlu 40 ildən artıq davam etmiş yaradıcılıq dövründə musiqinin müxtəlif janrlarında çalışıb. Lakin bəstəkar mahnı, musiqili komediya, kino və teatr musiqisi sahələrində xüsusilə məhsuldar işləyib.

Bəstəkarın mahnıları Şövkət Ələkbərova, Flora Kərimova, Rəşid Behbudov, Yalçın Rzazadə, Hüseynağa Hadıyev, Mirzə Babayev, Zeynəb Xanlarova, Akif İslamzadə, Xədicə Abbasova, Azər Zeynaov, Anatollu Qəniyev kimi dəyərli sənətkarların repertuarında aparıcı yer tutub.

Bəstəkarın musiqi yaradıcılığı ilə yanaşı, respublikamızda musiqiçi kadrların yetişdirilməsi sahəsindəki pedaqoji fəaliyyəti də səmərəli və təqdirəlayiq olub. O, uzun illər Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq kafedrasında çalışaraq müəllimlikdən Konservatoriyanın professorluğuna qədər yüksəlib.

E. Sabitoğlu 1994-cü ildən ömrünün sonunadək Türkiyə Respublikasında öz pedaqoji fəaliyyətini davam etdirərək İstanbul Texniki Universitetinin «Türk xalq musiqisi» şöbəsində çalışıb.
Ömrünün son altı ilini Türkiyədə keçirən Emin Sabitoğlu 18 noyabr 2000-ci il tarixində Bakıda vəfat edib.

Emin Sabitoğlunun ilk həyat yoldaşı Cəmilə xanım olub. Onlar hələ kiçik yaşlarından tanış idilər, Bülbül adına məktəbdə bir sinifdə oxuyublar. Aralarındakı dostluq, sevgi münasibətləri də elə məktəb illərindən yaranmışdı.

Bülbül adına musiqi məktəbi qurtarandan sonra Emin və Cəmilə cütlüyü konservatoriyaya daxil olur. 1962-ci ildə isə uzun müddət br-birini sevən cütlük evlənirlər.

1964-cü ildə bu evlilikdən onların bir qız övladı dünyaya gəlib. Emin Sabitoğlu qızı Ceyranı öz sənəti, peşəkarlığı, musiqiyə münasibəti, davranışı və həyata baxışı ilə tərbiyə edib.

Görkəmli bəstəkarla bağlı bölüşülən xatirələrdə onun sakit və qapalı, eyni zamanda qayğıkeş, yorulmadan çalışqan insan olduğu bildirilir.

Emin Sabitoğlu, eləcə də ailə üzvləri şəxsi həyat barədə heç vaxt geniş danışmaq istəməyib və bununla bağlı suallardan əksər hallarda yayınıblar. Onun birinci həyat yoldaşı ilə ayrılmasına səbəb bir vaxtların tanınmış müğənnisi Xədicə Abbasova ilə münasibətlərini rəsmiləşdirməsi olub.

Emin Sabitoğlu birinci həyat yoldaşından ayrılsa da, onunla, çox istədiyi yeganə övladı ilə əlaqəni heç vaxt kəsməyib.

Qızı Ceyran xanımın sözlərinə görə, ömrünün son altı ilini Türkiyədə yaşayan Emin Sabitoğlu o illərdə hər bazar günü Bakıya zəng edib onların dolanışığı, səhhəti ilə maraqlanırmış.

Emin Sabitoğlunun həyatında dəyişiklik tanınmış müğənni Xədicə Abbasova ilə münasibətləri yaranandan sonra baş verib. Və o, Xədicə xanımla yeni münasibətlərini rəsmiləşdirir.

Ailəsi, həyat yoldaşı, qızı bu hadisəni yaxşı qarşılamasa da, Xədicə Abbasovaya olan məhəbbəti Emin Sabitoğlunu yolundan döndərmir və onu qəti addım atmağa məcbur edir, bəstəkarın “ikinci baharı” başlayır.
Beləcə Xədicə Abbasova ilə evləndikdən sonra bəstəkarın həyatı dəyişir. 1994-cü ildə isə onlar yenicə müstəqillik qazanmış Azərbaycanı tərk edərək qardaş ölkəyə - Türkiyəyə çalışmağa gedirlər.
Bəstəkar 1994-cü ildən ömrünün sonunadək Türkiyədə pedaqoji fəaliyyətini davam etdirərək İstanbul Texniki Universitetinin «Türk xalq musiqisi» şöbəsində işləyir.